Maştağada bir ailə mal-qaradan XƏSTƏLİYƏ TUTULDU: "Bu bədbəxtlik qanundakı boşluqdan irəli gəlir..."

Maştağada bir ailə mal-qaradan XƏSTƏLİYƏ TUTULDU: "Bu bədbəxtlik qanundakı boşluqdan irəli gəlir..."
Bakının Məştağa qəsəbəsi Leic bağlarında bir qonşunun mal-qara saxlaması digər qonşuların narazılığına səbəb olub.

Bu barədə BiG.AZ redaksiyasına şikayət ünvanlayan Leic bağlarının sakinləri Arif adlı qonşulaırnın 3-ildən artıqdır ki, mal-qara saxlamasından şikayətçi olduğunu bildirib:

“Mən Maştağa qəsəbəsi, Leic bağları 2252 ünvanda yaşayıram. Hasar qonşum Arif adlı şəxs 3 ildir ki, çoxlu sayda mal-qara saxlayır. Onun mal-qarasının səsindən, üfunət qoxusundan hara qaçacağımızı bilmirik. Heyvanlar yaşayış məntəqəsindən kənarda saxlanılmalı olduğu halda yaşayış məntəqəsində saxlanılır və saxlanma qaydalarına əməl edilmir. Natəmizlik, xəstəlik, qoxu baş alıb gedir. Qoxu o dərəcədədir ki, göz yaşarır, boğaz göynəyir, hətta özümüzdən də heyvan qoxusu gəlir. Biz burda körpə uşaq saxlayırıq, uşaqların iydən boğazı tutulub, gecələr yata bilmir. Xahiş edirik bizə kömək edin, bir ailə burada məhv olur”.

Məsələ ilə bağlı BiG.Az-a danışan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Ağasəlim Həsənov şəhər mühitində heyvan saxlamağın ümumiyyətlə qadağan edilməli olduğunu, bu sahədə qanunlarımızda boşluq olduğunu bildirib:

“Ümumiyyətlə şəhər mühitində mal-qara saxlanılmasını məqsədəuyğun hesab etmirəm. Bu barədə qanunvericilikdə hansısa müddəalar varsa belə bu sahədə ciddi islahatlar aparılmalı və qadağan edilməlidir. Nəyə görə qadağan edilməlidir? Ona görə ki, böyük və sivil şəhərlərdə demoqrafik vəziyyət nəzərə alınmalıdır, sıxlıq və digər insanların diskomfort olmasını nəzərə almaq lazımdır. Hətta sallaqxanalara (qəssabxana) belə kəsilməsi üçün mal-qara gətirildikdə yolla keçən insanlar bundan narahat olur. Həm qoxusu, həm səsi digər insanların sərbəstliyini məhdudlaşdırır.

Ona görə də hesab edirəm ki, islahatlar edilməli, bu, birmənalı olaraq qadağan edilməlidir. Sizin qeyd etdiyiniz şikayət məktubunda qanunvericiliyin mövcud durumunda hər iki tərəfdə haqq var. Birinin sərbəst şəkildə mal-qara saxlamaq hüququ, digərinin isə təmiz hava almaq, rahat və sakit yaşamaq haqqı var. Burada qəti qərar qəbul etmək olduqca çətin məsələdir.

Bu da qanunvericiliyin boşluğudur. Əgər qanun qəbul edilsə ki, bu yasaqdır o zaman bu qədər də çətin durumlar yaşanmaz. Hazırda isə əgər bir insanın mal-qara saxlaması birdən artıq insanı və bir neçə qonşunu ciddi narahat edirsə o zaman qanun da çoxluğu nəzərə almalıdır.
Biz nəzər salsaq inkişafda olan, yaxud inkişaf etmiş ölkələrə siz orada demoqrafik sıxlıq olan ərazilərdə heç vaxt mal-qara saxlayan insanları görə bilməzsiniz. Ancaq xüsusi yerlərdə və yaxud fermalarda, saxlama şəraiti olan yerlərdə bu mümkündür. Biz ölkəmizə nəzər salsaq görərik ki, hətta sıxlıq olan yerlərdə belə insanlar heyvan saxlayır və kimlərinsə narahatlığına belə məhəl qoymurlar”.

Vətəndaşların şikayəti ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəsi Cavadov Fərrux Əhməd oğlu isə qəsəbədə Leic bağları adlı ərazinin olmadığını bildirib.

Rövşən Əsədov
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2506 Tarix: 19.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol