Oruc tutmayanların iftar məclisinə getməsi düzdürmü? – Din xadimi İZAH ETDİ

Oruc tutmayanların iftar məclisinə getməsi düzdürmü? – Din xadimi İZAH ETDİ

Bu il Ramazan ayı mayın 27-də başlayacaq. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs ayın başlanması ilə əlaqədar fətva verib, Ramazan təqvimini də açıqlayıb.
Təqvimə görə, Ramazan ayının Qədr gecələri iyunun 13-ü, 15-i, 17-si və 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Müqəddəs ayın təqviminin açıqlanması ilə ənənəvi müzakirələrə də start verilib. Belə müzakirələrdən biri iftar süfrələri ilə bağlıdır. Heç kimə sirr deyil ki, Ramazanda bir çox imkanlı və imkanı çatan şəxslər oruc tutan şəxslər üçün iftar süfrələri açır. Müşahidələrə görə, oruc tutmayan, içki içən, hətta Allahın varlığını qəbul etməyən ateistlər belə bəzi hallarda iftar süfrələrində lap yuxarı başda əyləşirlər.
Bəs İslam dininin bu barədə göstərişləri nələrdir? İftar süfrəsində kimlər olmalıdır? Oruc tutmayanların həmin mərasimlərə dəvət olunması düzgündürmü?

Bu qəbildən olan sualları Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırıb. İlahiyyatçı deyib ki, iftar süfrəsi oruc tutan şəxslər üçün açılır:

“Məhəmməd peyğəmbər iftarın savabı haqqında buyurur ki, kim oruc tutan şəxsə hətta bircə xurma ilə iftar verərsə, Allah yolunda bir qul azad etmiş olar. Amma düşünürəm ki, iftar süfrəsinə yalnız maddi baxımdan ehtiyaclı olan insanların dəvət olunması da düzgün deyil. Çünki onlar narahat ola bilərlər. Ona görə də müxtəlif təbəqələrə məxsus insanlar bir araya gəlib iftar açsa yaxşıdır. Həm maddi durumu yaxşı olanlar, həm də ehtiyaclı insanlar bir yerdə iftar açsa, bu həm də sosial bərabərliyin təmin edilməsinə xidmət etmiş olar. Çünki orucun fəlsəfəsi budur ki, həm də zəngin insanlar fəqirlərin, ehtiyaclı insanların halından xəbərdar olsunlar”.

Hacı Şahin iftar süfrəsi adı ilə zənginlərin toplaşmasına da münasibət bildirib:
“Zəngin insanlar iftar süfrəsinə yalnız öz təbəqəsindən olanları toplamamalıdır. Bu düzgün deyil. İftar süfrəsində həm də ehtiyaclı insanlar olmalıdır. İftar oruc tutanlara verilir. Amma oruc olmayan, yaxud ateist olan biri iftar süfrəsində oturubsa, onun kənarlaşdırılması da doğru deyil. Hər halda iftar adından da bəlli olduğu kimi oruc tutan şəxslərə verilir”. (modern.az)
f Paylaş
Bölmə: İslam Oxunub: 3075 Tarix: 26.05.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
roman_kazim
roman_kazim 07.06.2017
İmkanlılardan çox az hadir hallarda oruc tutan görərsən. O ki qaldı onların verdiyi iftar süfrəsinə inanmıram ki oradakı təamlar halal olsun.O da özü kimiləri yığır başına və bununla özündə təsəlli tapırlar.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər