"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR

"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLARXan qızı Natəvanın 1848-ci ildə tikdirdiyi Şuşa həbsxanası hələ Rusiya İmperiyası zamanında, elə sonradan sovet hakimiyyəti dövründə də ən dəhşətli məhbəslərdən hesab olunurdu. 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulan həbsxanada ermənilərin rəhbərlik etdiyi dövrlərdə məhkumlar üçün ağlagəlməz işgəncə metodları düşünülmüşdü. Məsələn, divarda xüsusi hazırlanan tabut formalı dəmir siyirmələr var imiş. Məhkumun əl-qolunu bağlayıb qutuya uzadır, divarın içinə itələyirmişlər. İnsan eyni ilə məzar kimi – soyuq, dar, qaranlıq, havasız məkanda saatlarla qalmalı olurmuş. Üstəlik, üstündən sağa-sola keçən, məhkumu didişdirən ac siçanlar...

Ermənilər Şuşanı işğal etdikdən sonra 1995-ci ildən başlayaraq, həbsxananı islah-əmək düşərgəsinə çevirəcəkdilər, amma hələ ki, hər daş-divarına insan əzabı həkk olunan binada 500-dən çox azərbaycanlı əsir və girovları saxlayırdılar...

21 yaşlı Qoşqar həbsxananın nəzdindəki çarpayı sexində çalışırdı...

***

Kəlbəcərin Günəşli kənd sakini Qoşqar Quliyev 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın "Əsir düşərgəsi"nə danışır:

- Elə aparanda dedilər ki, "türməyə gedirsiniz, sizi işlətməyə aparırıq". Gəldik Şuşa həbsxanasına... Sıldırım dağın başında çox qədim, ikimərtəbəli tikili idi. Elə yer idi ki, oradan nəinki qaçmaq, heç bunu arzulamaq da mümkün deyildi...

- Bir də həyəti var idi...

- Hamımızı o həyətə çıxardıb döyürdülər... Həbsxananın içində 6-7 kv.metrlik kamera kimi bir yer var idi, çarpayı sexi idi. Tezdən bizi ora salıb, arxadan qapını bağlayırdılar... Beş nəfər axşama kimi hərbçilər üçün 25 çarpayı hazırlamalı idik. Bu asan idi, 25 çarpayını iki sata quraşdırırdıq. Amma onun hissələrini hazırlamaq çox çətin idi. Üstəlik, Xankəndindəki çarpayı sexləri üçün əlavə də 50 min qarmaq əyib düzəltməli idik. Hər gün maşın gəlib aparırdı... Bu çox çətin idi... Hamı yaralı, taqətsiz... Birimiz çarpayının torunu toxuyur, o biri qarmaqları əyir, digərləri yan dəmirləri hazırlayır, qaynaq edirdilər...

- Siz nə iş görürdünüz?

- Mən məftilləri doğrayırdım, o biri uşaqlar isə onu əyib, qarmaq düzəldirdilər.

- Səhhətiniz buna imkan verirdi? Axı barmaqlarınız sağalmamışdı...

- Barmağımı qəlpə aparmışdı... Xəstəxanada Edik qışqırda-qışqırda üç barmağımı kəsdi. Keyitmədən, eləcə... qayçı ilə kəsib, atdı bir kənara... İşləyəndə də hələ sağalmamışdı. Amma heç bununla maraqlanan yox idi, elə ayağım da yaralı idi hələ... O halda da işləyirdim. Dəmiri əyənlərin işi nisbətən asan idi, oturub işləyirdilər. Mənim işim isə çətin idi, çünki ayaq üstündə məftil doğrayırdım. Ayaq da yaralı, barmaqlar da... Sağ əlimlə baltanı vurur, "motok"u çəkir, ölçünü müəyyən edir, dəzgaha yaxınlaşanda isə salamat barmaqlarımın köməyi ilə vurub əyir, kəsirdim.

Eyni hərəkəti səhərdən gecəyə qədər 50 min dəfə edirdim. Onun da heç olmasa 5 mini məftilin çürük yerinə düşənlər olurdu, zay çıxırdı... Yenidən edirdim... Yəni günə 50 min məftil kəsməli idim ki, planı verəm. Gecə gəlib çəkirdilər. Çəkisindən də bilirdilər ki, neçə kiloda nə qədər məftil var. Çəki düz gəlsə, buraxırdılar, gedib yatırdım...

- Düz gəlməyəndə, normanı ödəməyəndə necə?

- Cəza ağır idi...

Gözlərinin dolduğunu gizlətmək üçün baxışlarını divarda gəzdirir. Əlləri süfrənin üstündə dolaşır... Barmaqlarının yaddaşı işə düşür. Sanki yenə erməni hərbçiləri üçün çarpayı hazırlayırmış kimi, nəyisə əzir, kəsir, doğrayırmış kimi hərəkətlər edir... Söhbətə davam etməyə çalışır...

- İşə səhər saat 6-dan başlayır, gecə 2-də qurtarırdıq. Tələb olunan qədər iş görə bilməmisənsə, onda gecəni də yatmır, işləyirdin. Həmişə çalışırdım normanı çatdıram ki, gedib yata bilim... Yaralı ayağımla, barmaqlarımla dayanmadan işləyirdim... Bu şəraitdə, belə ağır işdə ac və yuxusuz işləmək məşəqqət idi...

- Yeməyiniz necə idi?

- Yaxşı işləmək üçün yaxşı da qidalanmalısan. Bizim yeməyimiz isə adambaşına bir dilim quru çörək idi. Səhər birini, günorta birini, axşam birini verirdilər... Bir də bir stəkan çay...

***

Şuşa həbsxanasında ağlagəlməz işgəncələrə məruz qalan əsir və girovların arasında Atilla da var idi... Atilla Yumak 1959-cu ildə Türkiyənin Kayseri şəhərinin Böyük Büründüz kəndində dünyaya gəlib... Türkiyə vətəndaşının azərbaycanlılarla birlikdə Şuşa türməsində əsir saxlanılması hamının diqqətini cəlb edirdi. Hamı onun bura necə düşdüyünü öyrənmək istəyirdi. Atilla Yumak 23 il sonra Lent.az-ın "Əsir düşərgəsi"nə öz hekayəsini belə danışır:

- 1992-ci ildə, Xocalı faciəsi baş verəndə mən Kiprdə yaşayır, xırda alverlə məşğul olurdum. Bir günün içində qəzet səhifələri, televiziya ekranları güllənin tikə-tikə elədiyi insanlarla doldu. İnsanlığa qarşı amansız soyqırım törətmişdilər. Bunları görəndə qanım damarlarımda dondu... Əgər dünyanın bir tərəfində türkə qarşı soyqırım törədirlərsə, digər tərəfində bir türk rahat yaşaya bilməz. Bütün olanlar heysiyyatıma toxunur, bir dəqiqə də olsun məni rahat buraxmırdı. Bir gecə yuxuda gördüm ki, yaşıl meşədə yatmışam. Ağsaqqal bir kişi məni oyadıb "Ay oğul, sən necə insansan? Ermənilər orada sənin ata yurdun Azərbaycanı dağıdır, qardaşlarını qanına qəltan edir, sən necə rahat yata bilirsən?" dedi... Yuxudan qan-tər içində oyandım. Bütün günü yuxunun təsirindən çıxa bilmədim. İnanın ki, bu halım Azərbaycana gəlib, ön cəbhəyə yollanana qədər davam etdi...

- Azərbaycan vətəndaşı deyildiniz, orduya yazılmaq asan oldu?

- Bir az zaman lazım oldu. Müdafiə Nazirliyi kimliyimi araşdırdı... Türkiyədə o qədər qarışıq millətlər var ki, dəqiqləşdirməmiş məni orduya qəbul etməzdilər. Bakıda ilk tanış olduğum adam Bakı Kəndlər Birliyinin sədri Nəsir Ağayev idi. O vaxt birlik döyüş bölgələrinə yardım göndərirdi. Mən də bu karvanlarla cəbhə bölgəsinə gedib-gəlməyə başladım. 1993-cü ilin fevralında isə Milli Ordu sıralarına yazılıb, Qubadlıya yollandım. Öncə Şamaxı yolundakı igid türk zabitinin məzarını ziyarət etdim, "Sən tək deyilsən, sənin mənim kimi əsgərin var, sənin kimi vuruşub, sənin kimi şəhid olacağam. Xahiş edəcəyəm, məni elə sənin yanında da dəfn etsinlər" dedim... Bilirsiniz, 33 yaşım var idi, gənc, emosional idim, fanatiklik çox güclü idi... İndi dövr də o dövr deyil, o vaxt Füzuliyə yardım aparanda "215 KL"-in əməkdaşları yaxınlaşıb məndən müsahibə aldı... Sizə danışdıqca o yadıma düşür, görürəm ki, indi sizə o vaxt onlara danışdığım kimi danışa bilmirəm... Durumu bir kəlmə ilə izah etməyə qalxsam – fanat idim! Gedib gördüm tək fanat mən deyiləm... (Gülür) Çox güclü, qeyrətli, əzmli döyüş dostlarım var idi. Məni çox yaxşı qarşıladılar, qısa müddətdə qaynayıb-qarışdıq. O vaxt Azərbaycan ordusunda xidmət edən Türkiyə vətəndaşı tək mən deyildim. İsmail Tunç polkovnik idi, Ağdərə döyüşlərində yaralanmışdı, Heydər Əliyev onu "İgidliyə görə" medalı ilə təltif etmişdi, İsmail indi də Bakıda yaşayır. Muzaffer Karamilli Qubadlıda kəşfiyyat batalyonunun komandiri idi, Murovda şəhid oldu... Mehmet Çetinkurt Qazax tərəfdə döyüşürdü, indi də ara-sıra Bakıya gəlir...

- Bildiyimə görə, Tovuz-Qazax tərəfdə daha çox olub Türkiyə vətəndaşları...

- Bəli! Tovuzun Əlibəyli kəndində Rüzgar batalyonu var idi, orada İstanbuldan, Ankaradan, Trabzondan, Antepdən, Maraşdan, Balıkesirdən, Rizedən gələn onlarla Türkiyə vətəndaşı döyüşürdü. Yusuf Ziya Arpacık həqiqətən qəhrəman idi, 1992-ci ilin döyüşçüləri onu yaxşı tanıyır. Atilla Kaya var idi, indi Türkiyədə Milliyətçi Hərəkat Partiyasının başqan müavini, millət vəkilidir. Ümumiyyətlə, Qarabağ savaşında yüzdən çox Türkiyə vətəndaşı könüllü iştirak edib. Fərq etməzdi, Azərbaycan ya Türkiyə vətəndaşı, hamımız bir amal uğrunda savaşırdıq. Hamımızı bir duyğu birləşdirirdi – torpaq sevgisi, millət sevgisi və türkü heç bir millətə əzdirməmək. Mən Türkiyədə hərbi xidmətimi müvəffəqiyyətlə başa vurmuşdum, Ankarada iki il xidmət etmişdim, peşəkar kəşfiyyatçı idim, bu da Qarabağda özünü göstərdi. Bir aydan sonra kəşfiyyat qrupunun komandiri təyin edildim. Uşaqları kəşfiyyata hazırlayırdım. Arada özüm də kəşfiyyata gedirdim...

- Ərazini tanımırdınız, bu kəşfiyyata getməyinizə mane olmurdu?

- Ona görə də tək getmirdim. Mən əməliyyat planını bilirdim, yanımda apardığım hərbçi isə yolları tanıyırdı. Birlikdə uğurlu əməliyyatlarda iştirak edirdik. Bütün döyüşçü yoldaşlarıma bir sözüm var idi, gördünüz əsir düşmək ehtimalım var, məni öldürün! Bu tapşırığı hamısına vermişdim. Əsl kəşfiyyatçının devizi bu olmalıdır. Ələ keçəndə elə metodlardan istifadə edib, müxtəlif aparatlarla, dərmanlarla sənin beynindəki məlumatı əldə edə bilərlər. Buna görə də kəşfiyyatçının əsir düşməyindənsə, ölməyini seçmək lazımdır. Amma belə olmadı... Vəsiyyətimi də etmişdim. Tapşırmışdım ki, məni Qubadlının Başarat kəndində yol kənarında naməlum əsgər kimi dəfn edin... Adımı da yazmaq lazım deyil, heç bilinməsin bu adam kimdir...

- Niyə orada? Axı Şamaxı yolundakı türk zabitinin məzarını ziyarət edib, orada dəfn olunmağı arzulamışdınız...

- Orada xidmət edirdim. Son döyüşlərim də Başarat kəndində olub. Bilirsiniz, ulu babalarım Türkiyəyə Qafqazlardan köç edib. Başarat kəndinin köklü sakinləri XVIII əsrin axırlarında ictimai-siyasi hadisələrlə əlaqədar Türkiyə köçüblər. Bilirəm, Azərbaycanda belə ərazilər çoxdur. Amma savaş meydanı idi, güllənin altı idi, əsgərin son nöqtəsi idi, həm də son məkanı olsun istəyirdim...

- Əsir düşdüyünüz günü xatırlayaq...

- 1993-cü ilin avqustu idi... 23 avqust... Döyüş bölgəsindəki komandiri görməli idim. Ön postdaydı, getdim yanına, elə beş dəqiqə keçməmiş hücum başladı... Özümü atdım səngərə... Burada əsgərlərdən biri dedi ki, mühasirədəyik, yan postlarda heç kim yoxdur... Biz mühasirəni yarmaq üçün döyüşürdük, avtomatımı düz üç dəfə doldurdum... Sonra yanıma top mərmisi düşdü... (Susur...)

- Sonra...?

- Onda başımdan kontuziya almışam... Sonra... Sonra isə...

- Sonranı xatırlayırsınız?

- Yox... Mən özümə gələndə səhər açılmışdı... Əl-qolumun bağlı olduğunu hiss edəndə, başa düşdüm ki, əsir düşmüşəm... Başımdan qəlpə yarası almışdım, yaram ağır idi... İlk ağlıma gələn o oldu ki, döyüşdə öz əsgərlərimdən yanımda yox idi deyə əsir düşdüm... Axı onlara tapşırmışdım, belə bir ehtimal olsa, məni vurun demişdim... Hər saniyəsi ölüm olan yeni həyata başladım... Cəhənnəm sakini kimi... Danışığımdan türkiyəli olduğumu anladılar. Soruşdular ki, Qarabağda nə edirdin? Yaxşı ki, ağlım üstümdə idi, dedim Bakıda xırda alverlə məşğul olurdum, "ablavaya" düşdüm, iki gündür gəlmişdim... Üçüncü günü əsir düşdüm...

- İnandılar?

- İnanmadılar...

- Üstünüzdə sənədləriniz var idi?

- Türkiyə vətəndaşı olduğumu sübut edən heç nə yox idi. Qubadlıda bir ailə var idi, sənədlərimi onlara vermişdim. Ehtiyat üçün, nə olar, nə olmaz, sənədlərim orada olsun düşünmüşdüm... Onlar saxlayırdılar... Necə ailə idilər... Bu gün də onları ehtiramla xatırlayıram. Təsəvvür edin, mən əsirlikdən qayıdanda məəttəl qaldım, sənədlərim bir yana, axırıncı dəfə yarımçıq qalan siqaret qutumu da onlarda qoyubmuşam. Onu belə saxlamışdılar ki, "Atila ölməyib, gələcək".

Yəni sənədim yox idi, şivəmdən başa düşdülər. Döyüb, əl-qolumu, gözümü bağlayıb, maşına atdılar, öz "KQB-lərinə" apardılar. Bir neçə gün orada qaldım... Dubinka ilə döyür, bədənimə bıçaqla müxtəlif xəsarətlər yetirirdilər... Sonra əllərimi açıb, yenidən dindirdilər. Dedilər ki, düzünü desəm, məni azad edəcəklər. Dedim ki, düzünü deyirəm...

- Əsasən nə soruşurdular?

- Hansı bölmədə xidmət elədiyimi, komandirin kim olduğunu, hərbi qüvvəmiz haqqında və s. Mən də dedim ki, iki gündür gəlmişəm, Azərbaycan dilini də yaxşı başa düşmürəm, ona görə də heç bilmirəm hansı bölmədi. Özüm gəlməmişəm ki, zorla gətiriblər dedim... İki-üç dəfə güllələməyə apardılar məni... Məni ayaq üstdə qoyub, atəş açırdılar... Güllələr sağımdan-solumdan keçirdi... Peşəkar hərbçi idim, bütün bunların qorxutmaq üçün olduğunu başa düşürdüm, ona görə də dua edirdim ki, elə güllələrin biri dəysin, ölüm. Beynimdə ancaq bir səs var idi: "Atilla, öl, amma sirr vermə!" Sonra qulağımı kəsəcəklərini dedilər... Bıçağı götürüb düşdülər üstümə... Bir iki yerimə batırandan sonra başladılar ermənicə nə isə danışmağa... Nə dedilərsə, bu qərara gəldilər ki, qulağımı kəsməsinlər. Əlində bıçaq tutan hərbçi onların bu qərarından qəzəblənib, başladı ayaqlarımı bıçaqla kəsməyə... Axırda dedilər gəl sənə bir kağız imzaladaq, ondan sonra dünyanın istədiyin ölkəsinə göndərək... Ona da getmədim... Nəyə imza atdıracaqlarını haradan bilim?

***

Atillanı Şuşa həbsxanasına gətirdilər. Onunla bir kamerada qalan əsirlərin hamısı Atilla kimi ağır yaralılar idi. Amma onların ölümcül olması, işgəncədən kənarda qalacaqları demək deyildi. Ölümcül əsirlər də hər gün döyülür, fərqli-fərqli işgəncələrə məruz qalırdılar. Daha ağır yaralı əsirlərə ancaq o fərqi qoyurdular ki, onlar ağır işlərdə işləmirdilər. Buna görə də gündə üç dəfə yox, bir dəfə yemək paylarını alırdılar. Amma döyülmək vaxtı hamı kimi gündə üç dəfə idi...

Darısqal kameranın pəncərəsi kip bağlanmır, bir balaca aralı qalırdı. Günortaya yaxın bu nazik yerdən içəri gün işığı sızırdı. O da elə nazik idi ki, soyuq kameranı nəinki qızdırmağa, heç işıqlandırmağa gücü çatmırdı. Sanki kamerada şam yandırmısan... Tualet kameranın içində idi və bu da mühiti bir az da dözülməz edirdi. Bütün bunlar azmış kimi, buranın ən dəhşətli tərəfi də bitlər idi...

***

- Həyatımda ilk dəfə idi ki, bit görürdüm... Orada bir erməni nəzarətçisi var idi, bir dəfə bizə işgəncə verəndən sonra qayıtdı ki, qorxmayın, sizi öldürməyəcəyik. Elə əzab verib incidəcəyik. Ölmək işinizə isə bitlər baxacaq! Onlar axırınıza çıxacaq...

- Şuşa həbsxanasında girovluq həyatı yaşayan Laçın sakini Müşfiq də bitlərin öldürücü olduğunu danışırdı...

- Müşfiqi xatırlayıram... Çox mərd, ləyaqətli oğlan idi... (Fikrə gedir) Bir dəfə məsciddə idim, yaxınlaşdı ki, məni tanıdın? Dedim yox... Dedi Müşfiqəm... Bir yerdə Şuşa həbsxanasında yatmışıq... Gözlərimin vəziyyəti elədir ki, görmürəm axı... Ona görə də tanımıram... O deyəndən sonra xatırladım... Müşfiq nə danışıbsa, hamısı düzdür. Təsəvvür edin, güllə yarası bir yana, bütün bədəni bıçaqla doğrayıblar, barmaqlarımda kəlbətin izləri, üzümdə, dilimdə, sinəmdə, ayağımda... nə bilim, bədənimin hər yerində yüzlərlə siqaret söndürüblər, yeri sağalmamış bir də, bir də... Və bu yaraların içi doludur bitlə... Bu, ağlagəlməz bir işgəncə idi... Yaralarım çirk eləmişdi, içindən irin axırdı... Uzanıb ölümümüzü gözləyirdik... Bütün bunlar azmış kimi, bir də görürdün qapını açıb, içəri bir neçə siçovul atdılar... İndi də onlar darışırdı adamın canına... Qapılar da eyni ilə qorxu filmlərindəki kimi açılardı... Nə qədər ölümcül, huşsuz vəziyyətdə olsaq da, o səs gələndə hamımız qorxudan ayılırdıq...

- Bir kamerada qaldığınız əsirləri xatırlayırsınız?

- Heç birimizin danışmağa halımız yox idi deyə bir-birimizi tanımırdıq. Bizim kamerada axı ən ağır yaralılar idi... Ölümünü gözləyənlər... 112 saylı... "Ölüm kamerası"... Məni təzə aparanda kamerada xeyli adam var idi... Sonra hamısı bir-bir öldü... Bir dəfə... artıq qış gəlmişdi, su istəyəndə pəncərənin aralı qalan yerindən qarları götürür, ovcumuzda əridir, dodaqlarımıza sürtürdük... Taqətimiz yox idi deyə əlimiz də qalxmırdı... Görürdün ovcunda nə müsibətlə qar əritmisən, ağzına aparanda əlindən tökülür... Otaq elə soyuq idi ki, qar da ərimirdi... Eh... Yada salınacaq xatirələr deyil... Bir dəfə məni o halımla aparıblar odun doğratmağa... Qar yağır, əynimiz nazik, yaralı, heyimiz yox, barmaqlarımız baltanı tutmur... Orada odun yardırılan əsirləri görsəniz, ürəyiniz parçalanardı... Şuşanın təbiətinə bələdsinizsə bilərsiniz necə qar yağır. Uşaqlar əyilib odun doğrayırdı...

- Qar isə kürəklərində qalaqlanırdı...

- Ay sağ ol! O mənzərəni heç vaxt unutmuram... İnsan necə əzablara qatlaşa bilərmiş, ilahi...

- Bunu da Müşfiq danışıb, xatırlayıram...

- Kim orada olubsa, o mənzərəni heç vaxt unutmaz... Şuşa türməsi deyən kimi çəkdiyim bütün əzablara, başıma gələn bütün işgəncələrə rəğmən, birinci o mənzərəni xatırlayıram...

- Siz o halınızla necə odun doğrayırdınız axı...

- Odun doğratmaq deyildi onlarınkı... Əzab verməyin başqa bir yolu idi...

Odun doğramağın təkcə bir yaxşı tərəfi var idi. Qar dənələri əsirlərin açıq yaralarına toxunur, sanki ümidsiz insanlara sığal çəkirdi... Dodaqlarına toxunan dənəciklər suyu əvəz edirdi... Açıq yaraların içindəki bitləri bir neçə saniyəlik durdururdu...

Atilla baltanı əlində çətinliklə tutmuşdu. Var gücü ilə onu qaldırmağa çalışırdı. Amma qollarına gümanı qalmamışdı. Baltanı iki dəfə eyni yerə vura biləcəyinə inana bilmirdi. Nəzarətçilər təbəssümlə onun bu halını xeyli izlədikdən sonra yaxınlaşdılar. Atilla arxadan dəyən təpikdən dizi üstdə çökdü. Balta əlindən düşdü. Onu irəli sürüyüb, başını kötüyün üstünə qoydular. Nəzarətçilərdən ikisi yaxınlaşıb, əllərindəki mişarı Atillanın boynuna dayadılar.../lent.az/
"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR"Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar..." - ƏSİR DÜŞƏRGƏSİ/FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9912   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672