"Biz qələbəmizi şəhidlərimizə həsr etdik" - FOTO

"Biz qələbəmizi şəhidlərimizə həsr etdik" - FOTOBiG.AZ qafqazinfo-ya istinadən futzal üzrə milli komandamızın kapitanı Rizvan Fərzəliyevin müsahibəsini təqdim edir:

- Topla oynamaq deyəndə hər kəsin ağlına ilk olaraq yaşıl meydanlarda oynanılan futbol gəlir. Sizin də yəqin topa həvəsiniz burdan başlayır. Bəs, futbolun başqa növü olan futzalda maraq nədir və böyük futboldan nə ilə fərqlənir?

- Böyük futbolu izləyirəm. İtaliya, İngiltərə, İspaniya çempionatına baxıram. Öz çempionatımız o qədər də maraqlı deyil. Bəzən gərgin, maraqlı qarşılaşmalar olur. Onlara baxıram. Futzalla böyük futbolun fərqi gücdədir. Bizə daha çox güc lazımdır. Fiziki durumumuz daim qaydasında olmalıdır. Baxın, böyük futbolda hər kəsin mövqeyi var. Müdafiəçi ən yaxşı halda oyun boyu 1-2 dəfə mərkəzi keçib rəqib qapısına gedir. Amma futzalda belə deyil. Bütün oyun boyu hücuma da gedirsən, müdafiəyə də gəlirsən. İstirahət etməyə vaxt olmur. Ona görə də bu növ daha çətindir. Həm də burada sürət böyük futboldan daha çoxdur. Parket üzərində topun sürəti getdikcə daha da artır. Artıq bu da əlavə güc tələb edir. Həm də ustalıq səviyyəsi ordan daha yüksək olmalıdır.

- 2004-cü ildən milli komandanın kapitanısız. Bu qədər kapitanlıq sizi yormayıb?

- Kapitanlıq ikiqat məsuliyyətdir. Həm millinin şərəfini qoruyursan, həm də kapitansan. Mən yaş baxımından da, oyun təcrübəsi baxımından da millidə hamıdan öndəyəm. Bu səbəbdən də bunu mənə həvalə ediblər. 14 il az müddət deyil. Bu müddətdə xeyli uğurlarımız olub. Düzdür, bu uğurlar təkcə mənim deyil, komandanındır. Amma kapitan olaraq hamıdan çox sevinirəm. Mən kollektivin başında olduğum üçün məsuliyyət hiss edirəm.

- Bəs, ruhən özünüzü neçə yaşda hiss edirsiz?

- 25. Yaşın mənim üçün fərqi yoxdur. Məşqçinin ümidini doğrulduramsa, deməli yaş önəmli deyil. Hər zaman gənclərdən daha çox çalışıram və düşünürəm ki, kapitan kimi bunu etməliyəm. Gənclərə də nümunə olmaq lazımdır.

- Futbol üzrə milli komandamızın uzun illərdir kapitanı olan Rəşad Sadıqovla özünüzü necə müqayisə edərdiniz? Onunla münasibətləriniz necədir?

- Onunla elə də tez-ez görüşmürük. Bir neçə gün öncə Bakı İdman Sarayında tələbələrin çempionatının açılışı oldu. Ora Rəşad Sadıqovla birlikdə dəvət almışdıq. Açılışı biz etdik və topa ilk zərbəni vurduq. Düzdür, vaxt az oldu orda söhbət edək. Aramızda yaxşı münasibət var. Nə vaxt görüşsək, səmimi söhbət edirik.

- Komanda oyunlarında nadir hallarda uğurlarımız olur. Amma futzal üzrə millimiz dünya çempionatına vəsiqə qazanmaqla böyük uğura imza atdı...

- Dünya çempionatının oyunları tamam başqadır. Həmişə mübarizə aparırdıq və bəzən bəxt üzündən, bəzən rəqibin çox güclü olması səbəbindən vəsiqə qazana bilmirdik. Bu dəfə isə alındı. Xorvatiyada ilk mərhələdə qrupda birinci yer tutduq. Qrupu lider kimi bitirmək bizə daha asan rəqib gətirməli idi. Düzdür, Hollandiya yığması zəif deyildi. Səfərdə onlara qarşı çox yaxşı oynadıq və meydanda göz açmağa imkan vermədik. 5:1 hesablı qələbə futzalda elə böyük üstünlük sayılmasa da, səfərdə bu inamlı qələbə final mərhələsinə çıxmağa ümid verirdi. Artıq inanırdıq ki, Kolumbiyaya yollanacağıq. Bizim üçün böyük fürsət idi. Çünki hər zaman belə şans olmur. Hollandiya ilə ikinci oyunda komandamızda həyəcan var idi. Doğma azarkeşlər önündə oynamaq həm məsuliyyətdir, həm də çətindir. Elə futzalçı var ki, öz meydançasında oynasa da, həyəcandan özünü itirir. Burda təcrübə söz deməlidir. 4:4 hesablı heç-heçə də bəlkə də bunun nəticəsi idi. Mayın 15-də çempionat və kubok oyunları bitir. İyun-iyul aylarında isə dünya çempionatının final mərhələsinə hazırlıqlar başlayacaq. Dayanmamalıyıq. Final mərhələsində də uğurlu çıxış etməliyik.

- Siz bu uğura elə bir vaxtda imza atdınız ki, həmin günlərdə cəbhədə gərgin döyüşlər gedirdi, şəhidlərimiz var idi. Amma dünya çempionatına vəsiqədən sonra hər kəs bu uğurdan danışmağa başladı...

- Hər şeydən önəmli ordumuzun qələbəsidir. Düzdür, biz bütün torpaqları azad etməmişik, amma müəyyən qədər əraziləri qaytardıq. Bu da ordumuzun uğuru idi. Onların bu qələbəsindən sonra biz də uğur qazanmalı idik. Biz də qələbəmizi şəhidlərimizə həsr etdik. Ümid edirəm ki, bizim belə qələbələrimiz çox olacaq.

- Cəbhədə gedən döyüşlərdən millidə olan legionerlərimiz xəbərdar idi?

- Əlbəttə. Onlar 5 ildir ki, burdadılar. Hər şeyi özləri dərk edirlər. İtkimiz olanda bizə dəstək olurlar, qələbəmizə də sevinirlər.

- Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bildirdi ki, yığmaya yeni məşqçi gələndə onun yanına bir azərbaycanlı məşqçi qoyacağıq ki, təcrübə qazansın. Amam narazılıq edirdi ki, bizim mütəxəssislər özlərini üstün sayıb öyrənmirlər...

- Zaur müəllimlə razıyam. Çünki bizim məşqçilər özlərini əcnəbilərdən üstün sayırlar. Amma axtarsanız, Azərbaycanda futzal məşqçiliyində çatışmazlıqlar, problemlər çoxdur. Həm də onlarda qürur hissi var ki, özlərini "yuxarıdan aparırlar", öyrənmək istəmirlər. Bu qədər güclü mütəxəssislər ölkəmizə gəlib. Onlardan nəsə öyrənmək lazım idi. 14 ildir ki, burdayam. Heç görmədim ki, 1-2 nəfərdən başqa digər yerlilər gəlsin. Mənə elə gəlir ki, məşqçilərimiz gəlib baxıb öyrənməlidir. İrəli getmək lazımdır. Millinin heyətində bəzi futzalçılar var ki, karyerasının sonuna gəlib. Onlar həmin xarici mütəxəssislərin taktikalarını, məşqlərini görüblər. Kim gələcəkdə məşqçi olacaqsa, bu təcrübə ona kömək edəcək. 36 yaşım var və 2-3 il sonra karyeramı bitirəcəyəm. Məşqçiliyə yiyələnəcəyəm. Əgər mənə elə həvalə olunsa, işimin öhdəsindən gələcəyəm.

- Zaur Axundov belə bir fikir irəli sürmüşkən, bəlkə elə karyeranızı bitirib məşqçiliyə başlayasınız. Yəqin ki, bu komandanı sizdən yaxşı heç kim tanımır...

- Mənim üçün hələ tezdir. 2-3 il də oynamalıyam, öz üzərimdə işləməliyəm. Bundan sonra hər şey mümkündür. Dünya çempionatında yaxşı çıxış edim. Bir çox futzalçılara nümunə olmaq istəyirəm. Nə qədər gücüm varsa, oynayacağam. Özüm nə vaxt yorulduğumu, karyeramı bitirmək lazım olduğunu biləcəyəm. O zaman da nöqtəni qoyacağam.
"Biz qələbəmizi şəhidlərimizə həsr etdik" - FOTO- Son illərdə komandamızın heyətinə bir neçə gənc futzalçı qatılıb. Həmin gənclərin potensialı gələcək üçün nə vəd edir?

- Tino Peresin milliyə gəlişindən sonra gənclərə şans verildi. Şəxsən mən fəxr edirəm ki, millimizin əsas qapıçısı Rövşən Hüseynli kimi yerli futzalçıdır. O, yerini gündən-günə möhkəmləndirir. Uzun illər idi ki, çərçivəni əcnəbi qoruyurdu. Komandamızın uğurlarında Rövşən Hüseynlinin də xüsusi rolu var. Heyətdə başqa güclü uşaqlar da var. Emin Kürdov, Elnur Zamanov, İsa Atayev, Ramiz Çovdarov kimi güclü futzalçılarımız var. Bir az da öz üzərlərində işləsələr, daha yaxşı olacaq. Biz də istərdik ki, heyətimiz yerlilər olsun. Uğurumuz üçün bu gün legionerlərdən yararlanırıq. Amma getdikcə, yerlilər çoxalıb. Gənclər davam etməlidirlər. Kim məşqçi olursa-olsun hər şey futzalçılardan asılıdır.

- Baş məşqçidən söz düşmüşkən, komandanı yarıyolda qoyub getdi. Sizcə, səbəb doğrudan da ailəsində olan problemlər idi?

- Onunla xeyli uğur qazanmışıq. Tino Peresin gedişi bizə pis təsir etdi. Daha böyük uğur qazanmaq şansını qoyub getdi. Bəlkə ona daha yaxşı təklif gəlib, bunu deyə bilmərəm. Yeni məşqçi ilə də uğur qazanmağa çalışacağıq.

- Sizcə, futzaldakı bu uğuru futbolda nə zaman əldə edə bilərik?

- Sual da çətindir, bu uğur da çətindir. Bunun üçün hər şey uşaq futbolundan başlamalıdır. Biz aşağı yaş qruplarına diqqət ayırsaq, bir neçə il sonra bu uğurlar özü gələcək. İndi futbolda uğur qazanmaq müşkül məsələdir.

- Klublarımızın az-çox uğurları var. Düşünmürsüz ki, legionerlər sayəsində uğurlar qazanırıq...

- Klub səviyyəsində müəyyən uğurlarımız var. "Qarabağ"ın, "Qəbələ"nin, "Neftçi"nin qrup mərhələsində mübarizə aparması əlbəttə alqışlanasıdır. Burda təkcə legionerlər deyil yerli futbolçular da mübarizə aparırlar. Amma milli ilə uğur qazanmaq daha yaxşıdır.

- Həyatda da kapitansız? Dostlar arasında, ailədə?

- Dostlar arasında kapitan deyiləm. Ailədə isə kapitanam. Çalışıram ki, ailənin başında öz bayrağımı dalğalandırım. Təkəbbürdən uzaq insanam. Mən idmançı olub uğur qazansam da, sadə həyat yolunu seçmişəm. Özümü kimdənsə, üstün saymıram. Ailənin başçısı olmaq çətindir. Bir oğlum var. Ona nümunə olmaq istəyirəm.

- Oğlunuza idmançı kimi nümunə olmaq istəyirsiz?

- Hər tərəfdən nümunə olmaq lazımdır. Mənə baxıb fəxr etməli və öyrənməlidir. Oğlum böyük qardaşım Fuad Fərzəliyevin yanında məşq edir. Amma böyük futbolda. Hələ ki, öyrənir. Karyeramı bitirəndən sonra ona daha çox diqqət ayıracağam. Evdə də onunla məşğul olacağam. Çalışacağam ki, futbolumuza bir ad bəxş edim. Qoy fəxr etməli belə olsun.

- Atası kimi kapitan olmaq potensialı var?

- Bunu zaman göstərəcək. Düzdür, ilk növbədə onun təhsili mənim üçün önəmlidir. Amma idmançı oğlu idmançı da olacaq. Çünki bizdə belə söhbət var ki, oğul nə ilə məşğul olursa, bu qandan irəli gəlir. Ən azından onun əmiləri kimi futbolçular olubsa, atası kimi futzalçı varsa, peşəkar olacaq. Arzu edərəm ki, yolumu davam etdirib güclü idmançı olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 859   Tarix: 29 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468