Bayraq Sevgisi

Bayraq Sevgisi

Ah, ölmədən bir görsəydim,
Düşə bilsəm torpağına

Uşaq vaxtı qanlı-qadalı savaşın ortasında əlində silah əvəzinə Bayraq daşıyan döyüşçünü efirdən izləyəndə həmişə bir fikir gəlirdi ağlıma: bayraq əvəzinə əsgərin silaha sarılması, düşmənə atəş açması daha uğurlu vəziyyət deyilmi? Bir və ya bir neçə əsgəri silahdan ayırıb bayraq qaldırmağa məcbur etməyin nə mənası?

Hələ bayraqdarın öldürülməsiylə yanındakı döyüşçünün anında silahı atıb, Bayrağı qaldırması və hücuma keçməsini heç anlamazdım…

Yaşadığımız sistem o yaşda uşaqların bayrağa boylanmamasının qayğısına mümkün qədər qalırdı. Amma nə vaxta qədər?

***

Bayraq təfəkkürünü yaddaşlardan silmək üçün bayraq qaldıran əlləri kəsmək, bayrağa dikilən gözləri ovmaq, tarixi saxtalaşdırmaq, tərbiyə sistemini dəyişmək olar. Ancaq qanda yaşayan və ömrün bəlli çağında bütün ruhu ayağa qaldıran bayraq yaddaşını necə pozmaq olar?

İnsanların əlindən bayrağın alınması sonda hər fərdin bayrağa çevrilməsinə gətirib çıxardı. Dəniz bir əsim meydən ləpələnib üstünə atılan zir-zibili sahilə qovduğu kimi, millətin ayrı-ayrı fərdləri də bir nəfəslik fürsətdəcə tarix səhnəsinə çıxıb dalğalanmağa və illərin təbliğatını üstündən atmağı bacardı.

Ayrı-ayrı «insan-bayraq»ların birləşməsi isə bütöv və böyük Milli Bayrağı millətin başı üzərinə daşındı… Biz o Bayrağı bir də qaldırdıq!

***

Artıq çoxdandır bilirəm ki, insanlar bayrağa niyə qurban gedirlər: Ayrı-ayrı insanlar başının üstündə bir damın olmasını necə arzulayırsa, millət də toplum halda başı üzəridə bir Bayraq dalğalanmasını ən azı o qədər istəyir. Bayraq millətin özünütəsdiq simvoludur və bayraqsız ev sadəcə mövcud deyil. Bir millətin bayrağı hara sancılırsa, o yerin, o torpağın sahibinin kimliyini xarakterizə edir;

Artıq çoxdandır bilirəm ki, döyüşdə məğlub olunmuş ordunun Barağı ələ keçirilmirsə, savaşın taleyinin həll olunduğunu düşünmək əbəsdir. Əksinə, heç bir itki verməyən Ordu öz Bayrağını qoruya bilmirsə, ordunun taleyi həll olunur – bu hərbi hissə dərhal ləğv edilir!

Bayraq- millətin evidir, varlığıdır, zəfəridir və nəhayət, taleyidir.

Bayraq – ona görə həmişə millətin qürur, güvənc yeri, mövcudluğunun bəlgəsi sayılıb.

***

Bayraq – insanın fərdiyyətçilikdən çıxması, evin dörd divarına sığmaması, miqyasının sərhədlərini nişan verən ən böyük faktdır. Bir fərdin kimliyi, təfəkkür və düşüncə tərzi, imkanları onun Bayrağıyla ölçülür.

Bayraq – insanın ruhunun imkanlarının göstəricisidir.

Ruhsuz yaşamaq mümkün olmadığı kimi, Bayraqsız millətin də yaşaması mümkün deyil. Bayraq millətin ətrafına çəkilən halədir – qabıq ağacı qoruduğu kimi, milləti də Bayraq qoruyur.

Ona görə bayraqsız özümüzü təsəvvür etmirik.

Ona görə bayraq uğrunda gözüyumulu ölümə gedirik.

Ona görə bayrağı heç nəylə müqayisə olunmayacaq səviyyədə çox sevirik.

Axı, Bayraq həm də insanın özünəsevgisinin görünən tərəfidir. Özünü sevən, özünü sayan ləyaqətli və qürurlu vətəndaş bayraqsız necə yaşaya bilər?!

***

Dünyada Bayraq sevgisini bütün insanlar ifadə etməyə çalışıb, amma bu misralardakı qədər bu sevginin böyüklüyünü ifadə edən olmayıb:

Çırpınırdın Qara dəniz
Baxıb Türkün bayrağına
Ah, ölmədən bir görsəydim
Düşə bilsəm torpağına…

Biz ölmədən gördük ki:
dünyanın ən uca bayraqlarından biri yenidən Xəzər dənizinin qərb sahilində dalğalanır;

dünyanın ən gözəl bayraqlarından biri – Üçrəngli, Ay ulduzlu ilahi bəxşişi bir daha enməyəcək səviyyədə Azərbaycanı – yəni məni, səni, onu, bizim hamımızı - dünyanın hər bir qitəsinə aparır;

dünyanın ən gözəl bayrağı – millətimizin imzasını dünyada təsdiqləyir…

Biz ölümləriylə «Bayrağımızı bayraq yapan»larımızın əvəzindən də hər gün Onun torpağında Varıq!
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 9165 Tarix: 03.08.2011
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol