Bakıda məscidə sığınan ikiuşaqlı ailə

Bakıda məscidə sığınan ikiuşaqlı ailəAzərbaycanda imkansız, üstəlik kimsəsiz ailələr çoxdur. Onların arasında elələri də var ki, maddi problemləri, mənəvi sıxıntıları sözlə deyiləsi deyil.Haqqında söz açacağımız bu ailənin vəziyyəti isə bir başqadır.

İki azyaşlı uşaqla məscidin mədrəsəsində yaşayan bu ailənin dolanışığı məscidə gələnlərin etdiyi yardım hesabınadır.

Firdovsi Yunis oğlu Mirzəyev ailəsi ilə birlikdə neçə vaxtdır ki, Fatmayı qəsəbəsi, "Qulam Hüseyn" məscidinin mədrəsəsində yaşayır. Ailə bura bu il martın 23-də sığınıb. İki azyaşlı uşaqla küçələrdə, parklarda, avtovağzalda yaşayan ailəni "Qulam Hüseyn" məscidinin camaatından olan şəxslər bura gətiriblər. İndi ailə məscidin Quran dərsləri keçirilən birotaqlı mədrəsəsində yaşayır.

Ailənin heç bir gəliri yoxdur. Ailə başçısı Firdovsi Mirzəyev əmək qabiliyyətini itirdiyindən işləyə bilmir. Xanımı Kəmalə Atakişiyeva isə iki azyaşlı uşağa baxdığından işləmək imkanı yoxdur.

1973-cü ildə Yevlaxda anadan olan Firdovsi Mirzəyev 1989-cu ildə könüllü olaraq Qarabağ cəbhəsinə gedib. 4 il 8 ay hərbi xidmətdə olan F.Mirzəyev çoxsaylı qəlpə yaraları alıb.

2009-cu ildə Kəmalə Atakişiyeva ilə ailə həyatı quran F.Mirzəyev bir müddət Moskvada fəhlə işləyib. O, Moskvada fəhlə işlədiyi müddətdə ailəsi Mehdiabadda - Kəmalə Atakişiyevanın xalasıgilin həyətindəki yarımtikilidə qalıb. Sonradan xalası evdə tikinti işləri apardığından onu iki azyaşlı uşağı ilə birlikdə evdən çıxarıb. Bu ilin fevral ayında isə F.Mirzəyev Moskvadan deportasiya olunub.

Moskvada olarkən vərəm xəstəliyinə tutulan F.Mirzəyev sonradan müalicə almağa başlayıb. Uzun müddət davam edən müalicə nəticəsində F.Mirzəyev xəstəliyə qalib gələ bilib. Müalicənin xərclərini fəhlə işləyərək və dostlarından aldığı yardımın hesabına ödəyib.

Qardaşı naxələf çıxdı və...

F.Mirzəyevin qardaşı Şükür Mirzəyev Yevlaxdakı ata evlərini sataraq Bakıya gəlib. Qardaşına da söz verib ki, burada hər ikisi üçün ev tikəcək. Lakin qardaş bu sözünün üstündə durmayıb. Torpaq sahəsi alındıqdan sonra F.Mirzəyevi evindən qovub. İki sot torpaq sənəd-sübutla F.Mirzəyevə məxsus olsa da Şükür Mirzəyev bu payı verməkdən imtina edib.

Şükür Mirzəyevin hazırda Mehdiabadda gözəl şəraiti olan evi var. Özü hazırda Moskvadadır. Ailəsi isə Mehdiabadda yaşayır. F.Mirzəyev qardaşını məhkəməyə vermək istəməyib.

Qardaşı da naxələf çıxan F.Mirzəyev əlacsız qalıb. Bu ilin fevral ayından küçələrdə, parklarda yaşayan ailə Prezident Administrasiyasına (PA) üz tutub. İki gün PA-nın qarşısındakı parkda yaşayan ailə mühafizə xidməti tərəfindən oradan da uzaqlaşdırılırb. Mirzəyevlər mətbuata müraciət edərək yardım istəyib.

"Qulam Hüseyn" məscidinin camaatından olan bir neçə şəxs bu ailədən xəbər tutub. Müvəqqəti çarə olaraq ailəni məscidin mədrəsəsinə yerləşdiriblər. Hazırda Quran kursları verilən birotaqlı tikilidə qalan ailə məscidə gələn insanların verdiyi ehsan və yardımlar hesabına dolanır.

F.Mirzəyevin qardaşı ilə əlaqəsi kəsildiyi kimi xanımı Kəmalə Atakişiyeva da qardaşsız qalıb.

Əslən Qubadan olan K.Atakişiyeva ailəsi ilə Xaçmazda yaşayıb. 2009-cu ildə F.Mirzəyevə qoşularaq qaçıb. Ailəsi onun bu şəkildə ailə həyatı qurmasına etiraz edib. Beləliklə də ailə üzvləri ilə demək olar ki, əlaqəsi kəsilib. 3 qardaşı, 1 bacısı olan Kəmalə Atakişiyevanın atası infarkt xəstəsidir və hazırda böyük qardaşının yanında yaşayır.

Qardaşları qoşulub qaçdığı, sonradan da mətbuata çıxdığı üçün K.Atakişiyevanı birdəfəlik unudub. Kəmalənin yalnız anası ilə əlaqəsi var. Qadın da qızının yanına oğullarından gizlin gəlir.

K.Atakişiyeva deyir ki, anası pensiya alanda gizlicə onların yaşadığı yerə gəlir. Tez-tez görüşmək imkanları olmur.

..3 yaşlı Mədinə və 4 yaşlı Əliyunus

5 ildir ailəli olan Firdovsi Mirzəyevin və Kəmalə Atakişiyevanın Mədinə adlı 3 yaşlı qızı və Əliyunus adlı 4 yaşlı oğlan övladları var. Uşaqları bağçaya qoya bilmirlər. Mehdiabadda olan dövlət bağçasına müraciət etsələr də onlardan 50 manat ödəniş tələb edilib. Bu məbləği ödəyə bilməyən ailə uşaqlarını bağçaya qoya bilməyib.

Ailə hazırda çarəsiz vəziyyətdədir. Mirzəyevlər məscidin mədrəsəsində bir ömür boyu yaşaya bilməyəcəklərini anlayırlar. Buna görə də onlar dövlətdən, imkanlı şəxslərdən kömək istəyirlər.

F.Mirzəyev deyir ki, hazırda işləmək imkanı yoxdur: "Xəstəlik işləməyimə imkan vermir. Bir müddət işlədim. Əlimdən ancaq fəhləlik gəlir. Ağır iş görəndə nəfəs ala bilmirəm. Vəziyyətim ağırlaşır. İş vaxtı neçə dəfə vəziyyətim pisləşib. Müalicəmi də davam etdirə bilmirəm. "Qara Qarayev" metrosunun yaxınlığında vərəm dispanserində müalicə aldım. Ancaq sonradan müalicə xərclərini qarşılaya bilmədim. Bu məscidə gələn insanlar dərman pulumu yığıb verdilər. Onlar olmasaydı, biz indi harada olardıq - bunu bir Allah bilir. Başımızı soxa biləcəyimiz bir daxmamız olsaydı kaş... Müalicə ala bilsəm, sağalsam, yenə də fəhləlik edib ailəmi dolandıraram".

Ailə heç bir sosial yardım da almır. Səbəb isə yaşayış ünvanlarının olmamasıdır. Yaxın qohumları onları öz evlərinə qeydiyyata götürmək istəməyib. Bu məsciddə yaşadıqları mədrəsə isə yaşayış yeri sayılmır.

K.Atakişiyeva deyir ki, əgər uşaqları bağçaya qoya bilsələr, işləyər: "Yoldaşım xəstədir, işləyə bilmir. Ağır iş görəndə halı pisləşir. Ona nəsə olacağından çox qorxuram. Bu günə qədər sıxıntı içində yaşamışıq. Günlərlə yeməyə çörəyimiz olmayıb. Günümüzü bəzən bir stəkan çayla yol vermişik. Evdə gördüyünüz hər şeyi məscidə gələn insanlar verib. Sağ olsunlar, ərzaq gətirirlər, pul verirlər. Ancaq nə vaxta qədər bu şəraitdə yaşamaq olar?! Sığına biləcəyimiz bir daxmamız olsa, uşaqları bağçaya qoya bilsək, mən də işləyərəm. Əl-ələ, baş-başa verib ailəmizi dolandırarıq. Bundan da çətin günlərimiz olub".

Ailənin var-dövlət adına yalnız iki dəst yorğan-döşəyi var, vəssalam. Ev adlandırılan tikilidəki bütün əşyalar, ərzaq, nə varsa, hər şey onlara məscidə gələn insanlar tərəfindən ianə kimi verilib. Ailə ötən ay - Ramazan ayında çox yardım alıb. Mədinə və Əliyunus da bayramın sevincini bu hesaba doya-doya yaşayıb. Xeyirxah insanlar onlara oyuncaqlar, geyim alıb. Ümumiyyətlə, bu iki uşağın bütün xərclərini məscid camaatı çəkir.

F.Mirzəyevin və K.Atakişiyevanın istəyi iki azyaşlı uşağa görə onlara yardım edilməsidir. İndi onların yardıma, dövlətin və xeyirxah insanların diqqətinə ehtiyacları var.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3450   Tarix: 17 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040