Mənzillərin alqı-satqısı proseduru asanlaşdırılıb
Tələb edilən arayışlar "Elektron notariat" informasiya sistemi vasitəsilə əldə ediləcək.
Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişikliklər edib.
BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, dəyişiklik mənzillərin alqı-satqısı zamanı tələb edilən arayışlarla bağlıdır.
İndiyə qədər yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılıb və bunun üçün notarius özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edib.
Dəyişikliyə əsasən bundan sonra arayışlar "Elektron notariat" informasiya sistemi vasitəsilə əldə ediləcək. Yəni daşınmaz əmlak obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edəcək.
Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış mülkiyyətçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunacaq.
İndiyə qədər miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edib. Qadağa borc alınması ilə əlaqədar qoyulubsa, notarius kreditora bildirib ki, borc alanın vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib.
Dəyişikliyə əsasən bundan sonra notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edəcək.
Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim ediləcək.
Kredit alınması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqlar məhdudlaşdırıldıqda və kreditor barədə məlumat, daşınmaz əmlakın təsviri bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən məlum olduqda, notarius kreditora bildirəcək ki, borc alanın vərəsələrinə vərəsəlik şəhadətnaməsi verilib.
Dəyişikliyə əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı yeniliklərdən biri də odur ki, əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulubsa, vərəsəlik şəhadətnaməsinin verilməsi həbs götürülənədək dayandırılacaq.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş