"Səni axtarıram" verilişində qalmaqal - VİDEO

"Səni axtarıram" verilişində qalmaqal - VİDEOXoşqədəm Hidayətqızının müəllif verilişi olan "Səni Axtarıram"ın bugünkü buraxılışında qalmaqal baş verib.

BiG.AZ "Qafqazinfo"-ya istinadən xəbər verir ki, verilişdə ekspert qismində çıxış edən xalq artisti Ağaxan Salmanlı ilə jurnalist Seymur Verdizadə arasında qarşıdurma baş verib. Buna səbəb isə S. Verdizadənin ötən il dekabrın 22-də Qafqazinfoda yazdığı "Xalq artistinin nazirə möhtac olması" başlıqlı köşə yazısı olub. A. Salmanlı jurnalistin yalan yazdığını, öz halal zəhməti ilə yaşadığını deyib. Jurnalist isə cavabında deyib:

"Mən əslində o yazıda Ağaxan müəllimi müdafiə etmişəm ki, niyə dünən səhnəyə çıxan müğənnilər gündə bir maşın dəyişir, amma Ağaxan müəllim 3 ildə bi kostyum dəyişə bilmir".

A. Salmanlı isə "Mən bu jurnalist olan məclisdə iştirak etmək istəmirəm" deyərək stuiyanı tərk edib.
Lakin az sonra israrlı xahişlərdən sonra o studiyaya qayıdıb.
S. Verdizadənin sözügedən yazısını təqdim edirik:
Xalq artistinin nazirə möhtac olması
Məşhur qarmon ifaçısı Aslan İlyasov ehtiyac üzündən dünyasını dəyişdi. O, son mənzilə köçməzdən bir gün əvvəl belə demişdi: "Məni ölməyə qoymayın..."
Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarovanın müalicəsini isə Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bu nəcib təşəbbüsü ürəkdən alqışlayıram. Ümid edirəm ki, Xanım Qafarova tezliklə öz sağlamlığına qovuşacaq.
Əməkdar artist Baloğlan Əşrəfovu bir neçə il əvvəl iş adamı Mübariz Mənsimov ölümün pəncəsindən xilas etdi. Əgər Mübariz müəllimin milli təəssübkeşliyi olmasaydı, indi Baloğlan Əşrəfov haqda keçmiş zamanda danışardıq.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun pulları xalq artisti Yaşar Nurinin ömrünü bir neçə ay uzada bildi. Kəmaləddin Heydərov xalqdan oğurladığı pulların cüzi hissəsini bu cür nəcib işlərə sərf etməklə gələcək nəsillərdən bəraət almağa çalışır. Amma istənilən halda mən bu təşəbbüsü alqışlayır, digər məmur-oliqarxları da "fövqəlnazir"dən nümunə götürməyə səsləyirəm.
Eşitdiyimə görə, xalq artisti Siyavuş Aslanın ömrünün uzanmasında da hansısa xeyirxah məmurun rolu olub. Əks təqdirdə, aktyor maaşı ilə ağır xəstəliklə mübarizə aparmaq mümkün deyil.
Tez-tez sənət adamları ilə birlikdə eyni televiziya proqramlarında qonaq oluram. Kino və teatr xadimlərinin acınacaqlı durumu həmişə qəlbimi göynədir. Studiyada yanaşı əyləşdiyim xalq artistlərinin əynində çox vaxt nimdaş paltar olur. Elə sənət adamı tanıyıram ki, çəkilişə 12 il əvvəl aldığı köhnə kostyumla gəlir. Ən acınacaqlısı isə odur ki, əlli ilə yaxın səhnə təcrübəsi olan bu adamlar çəkiliş başa çatandan sonra Nadir Qafarzadədən, Günay İbrahimlidən, ya da Rəqqasə Aytəndən xahiş edirlər ki, öz maşınlarında onları metroya qədər aparsınlar. Şou-biznes nümayəndələri onların xahişini qulaq ardına vuranda isə boyunlarını büküb, dayanacaqda mənim kimi avtobus gözləyirlər...
Görəsən, hökumətimizin sağa-sola səpdiyi neft pullarından xalq artistlərimizə niyə çatmır? Deputatın 2 min dollar maaş aldığı bir ölkədə Akademik Milli Dram Teatrının aktyorunun 215 manat əməkhaqqı alması nə qədər ədalətlidir? Xarici banklarda milyonlarla dollar ehtiyatı olan bir dövlətin xalq artisti fəxri titulunu daşıyan adama ayda cəmi 60 manat verməsi ayıb deyilmi? Doğrudanmı, əlliyə yaxın bədii filmə və televiziya tamaşasına çəkilən bir aktyorun Azərbaycan xalqı qarşısında deputat Hüseynbala Mirələmovun köməkçisi qədər xidməti yoxdur?
Dünyanın ən uzun bayraq dirəyinə sahib olmağımız köksümü heç vaxt qabartmayıb. Xalq artisti Ağaxan Salmanlının bir dəst kostyuma möhtac olduğu bu ölkədə iqtisadi inkişafla öyünmək sadəlövhlük əlamətidir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4433   Tarix: 10 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040