Fəsillər üzrə sevgi

Fəsillər üzrə sevgiFəsillər üzrə sevgi
Hər münasibət bir bağa bənzəyir. Əgər yaşıllaşması, gül-çiçəklərlə dolu olması istənilirsə, nizamlı olaraq su verilməlidir. Gözlənilməyən hava dəyişimiylə yanaşı, fəsillər də nəzərə alınmalıdır. Bunun üçün özəl qayğı lazımdır. Yeni toxumlar əkilməli və yabanı otlar təmizlənməlidir. Eynilə bunun kimi, sevginin sehrini canlı tutmaq üçün də fəsillərini başa düşməli və sevginin özünəməxsus ehtiyaclarını ödəməliyik.

*Sevginin Baharı*
Aşiq olmaq bahar kimidir. Sonsuza qədər xoşbəxt olacağıq deyə bir duyğuya qapılırıq. Sevgilimizi sevməmək ağlımızın ucundan belə keçmir. Bu bir saflıq dövrüdür. Hər şeyin qüsursuz sanıldığı, hər şeyin möhtəşəm şəkildə hərəkət etdiyi sehrli bir dövrdür. Seçdiyimiz insan eyni ilə bizə uyğundur. Lap istədiyimiz kimidir. Heç nə düşünmədən şansın üzümüzə güldüyünü bütün dünyaya bağıraraq demək istəyirik...

*Sevginin Yayı*
Sevgimizin yay fəsli boyunca sevgilimizin düşündüyümüz qədər qüsursuz olmadığını və münasibətimiz üzərində çalışmalı olduğumuzu, bir daha gözdən keçirməmizin vacib olduğunu başa düşərik. İncikliklər və xəyal qırıqlıqları ortaya çıxar. Yabanı otların kökündən təmizlənməsi, qızmar günəş altındakı bitkilərin daha artıq sulanması vacib olar. Artıq sevgini vermək də, istədiyimiz sevgini almaq da o qədər asan deyil. Hər zaman xoşbəxt və sevgi dolu olmadığımızı görüb anlayarıq. Bizim sevgi haqqında xəyal etdiyimiz tablo deyil bu. Çox cütlüklər bu nöqtəyə gələndə xəyal qırıqlığına uğrayar. Münasibətlərini bir daha gözdən keçirmək istəməzlər. Bir-birlərini günahlandırar və sonda bezərlər. Sevginin hər zaman asan olmadığını, ara-sıra diqqət istədiyini görməzlər.
Sevginin yay fəslində öz sevgi ehtiyacımızı ödədiyimiz qədər qarşımızdakı insanın-sevgilimizin də ehtiyaclarını ödəməliyik. Bunlar öz-özünə həll ola bilməz... Sevgi diqqət və qayğı, anlayış tələb edir.

*Sevginin Payızı*
Yay fəsli müddətincə bağımıza yaxşı baxmışıqsa, bunun nəticəsini görərik. Payız fəsli gəlir. Bu qızıl dövrdür. İstər özümüzün, istərsə də sevgilimizin qüsurlarını qəbul edən və anlayışla qarşılayan daha ağlıbaşında bir sevgidir yaşadığımız. Bu bir bölüşmək dövrüdür. Yay vaxtı çox çalışdığımız üçün indi istirahət edə bilər və yaratdığımız sevginin, eşqin ləzzətini duya bilərik...

*Sevginin Qışı*
Sonda hava yenidən dəyişər və qış başlanar. Qışın soyuq ayları müddətincə təbiət içinə qapanar. Bu bir düşünmə və yenilənmə zamanıdır. Münasibətlərdə üzləşmə zamanıdır. Qapağımızın açılıb, qəmlə dolu duyğularımızın ortaya töküldüyü zamandır. Sevgilimizi deyil, özümüz-özümüzü gözdən keçirdiyimiz zamandır. Günahları, səhvləri özümüzdə axtardığımız zamandır. Yaraların sağaldığı, dərdlərin azaldığı zamandır. Həqiqətən seviriksə, itirmə qorxusunu yaşadığımız zamandır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 12470   Tarix: 19 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar