Canımın dərdindən yalandan ərə getdim - Aybəniz

Canımın dərdindən yalandan ərə getdim - AybənizƏməkdar artist Aybəniz Haşımovaya müsahibə üçün müraciət edəndə ilk başdan şərt qoydu: "Mən heç yerə gələsi deyiləm. Sən bizim evimizə gələcəksən..."

Başqa çarəmiz yox idi. Evinə getdim. İlk sualım belə oldu: "Niyə məhz sizə, evə gəlməli idim?" Cavabı çox gözlənilməz oldu, açığı, bir az da qəribə gəldi: "Çünki mən çox evdar qadınam..."

Sonra bildim ki, haqlıdır. Bunu Aybəniz xanımın qızı Aynişanla köməkləşib açdığı çay süfrəsi də təsdiqləyirdi. Aybəniz xanım masaya düzülən bütün mürəbbələri özünün "əl işi" adlandırıb onları tərifləyirdi. Burada da haqlı idi. Tərifəlayiq idilər...

Şirin söhbətimizə də elə bu şirin təamlar körpü salır. Aybəniz xanımı dinləyək:

- Düzdür, bəziləri deyir ki, özünü niyə yorursan, dükanlar doludur mürəbbə ilə, get al də. Deyirəm istəmirəm onları, mən nə bilim o mürəbbəni necə bişiriblər, bəlkə natəmiz yerdə bişiriblər. Bəlkə meyvənin tam yetişən vaxtı bişirməyiblər. Bu gün dərmanlarla, vaxtından əvvəl yetişdirilən, geni, sortu süni şəkildə dəyişdirilən meyvələr çoxdur. Mən uşağıma bunu yedizdirmək istəmirəm. Əziyyət də olsa etməliyəm. Ana borcumdur. Həm də qızım bilməlidir ki, mürəbbə necə bişirilir. Evdarlığı öyrədirəm. Sabah gedib evlərə düşəcək. Qız anadan öyrənər. İndi mən bunu ona öyrətməsəm, o da səhər öz evində uşağının ürəyi istəyəni edə bilməyəcək. Hər bir qadın bunu bilir. Sadəcə canına əziyyət verən və canını sevən qadınlar var.

- Bu qora bişirən isti ayda siz nə yaxşı soyuq ölkələrə qonaq getməmisiniz?

- İşlərim həddən artıq çoxdur. Mən istirahətə gedib qayıtsam, gələndən sonra hamısı burnumdan gələcək. İşim çoxdur. Yavaş-yavaş hamısını hazırlayıram. Birdən-birə olanda insanın canı dözmür. İşlərim qurtarsın, inşallah, üç gün dincəlim, bəsimdir. Əgər indi gedib dincəlsəm, beşqatı gələndən sonra burnumdan gələcək.

- İstirahətinizi əlinizdən alan işləriniz sirr deyilsə, nədir?

- Noyabrda Amerikaya səfərim var. İnşallah, Türkiyənin Konya şəhərində də konsertim olacaq. Bu tədbirlər Beynəlxalq Avrasiya İctimai Birliyi İnstitutunun və deputat Qənirə Paşayevanın dəstəyi ilə baş tutacaq. Ona görə mən də, "Bülbüllər"im (ansamblının adı-red.) də ciddi hazırlaşırıq. İnşallah, sentyabrın sonuna Tacikistanın gənc müğənnisi Təhminə Niyazovanı Bakıya dəvət etmişəm, evimdə qonaq edəcəm. Qızım Aynişanla rəfiqədir. Belynəlxalq festivalda bir yerdə çıxış ediblər. Azərbaycan və Tacikistan gənclərinin birgə konserti olacaq. Yeni bir layihədir. Bu, mənim dəstəyimlə baş tutacaq.

- Aybəniz xanım, konsert və səfərlərinizin maliyyəsini kim ödəyir? Sponsorlarınız varmı?

- Pul məsələsini daha çox özüm həll edirəm. Dövlət səfərlərimin xərcini isə dövlət ödəyir. Nəqliyyat Nazirliyi, AZAL, "Gazelli" şirkəti, Nəqliyyat Departamenti və sair mənə və "Bülbüllər"imə kömək edirlər. Təşəkkür edirəm hamısına.

- Gələk sənətə gəlişinizə. Nə yaxşı evdən sizə 12 yaşınızda təkbaşına Bakıya gəlməyə, müğənni olmağa icazə verdilər?

- Qoymurdular. Dörd uşaqlı fəhlə ailəsində böyümüşəm. Məni Heydər Əliyev bəyəndi. Əvvəlcə evdən qoymurdular. Sonra gecə ilə ulu öndər Heydər Əliyev məni Bakıya gətirdi. Atam məni Bakıya qoyub qayıtdı. Çox darıxırdım, o gedən yola baxıb hey ağlayırdım. Anamgil Bakıya gəlməyə məcbur oldu. Sonra rahat dərsimə gedib gəldim. Mənim heç vaxt nüğənni olmaq arzum olmayıb. Bu gün də öz-özümə düşünürəm ki, necə oldu müğənni oldum. Sənətə gəlmək kimi məqsədim olmayıb. Mən Bakı Dövlət Universitetinə qəbul olunmuşdum. Bu xəbər rəhmətlik Heydər Əliyevə xəbər çatan kimi bundan narazı qalıb. Göstəriş verib ki, məni oradan çıxartdırıb aparsınlar konservatoriyaya. Yəni mənim sənətdə olmağımı hökumət istəyirdi, prezident Heydər Əliyev istəyirdi. Rəhmətlik ümummilli liderimiz mənə həmişə deyirdi ki, səni yalnız səhnədə görürəm, sən nə bilirsən prokuror olmaq nədir...

- Prokuror olmaq istəyirdiniz ki?

- Bəli. Nədən yaranmışdı o fikir məndə? Deyim, gülün. "Qanun naminə" adlı bir film var idi. O, filmi çox sevirəm. Orada banditlərin Mehmanı öldürməsi məndə bir qəzəb yaratmışdı. Filmdə baş verənlərə elə möhkəm inanmışdım ki... Deyirdim prokuror olacam, Mehmanın düşmənlərini həbs edib cəzalandıracam...

- Heydər Əliyev səsinizi harada bəyənmişdi?

- O, Gəncəyə qonaq gəlmişdi. Məni konsertdə bəyənibmiş. Oxudum, alnımdan öpdü. O zaman təhsil naziri olan Lidiya Rəsulovaya dedi ki, bu uşaq mütləq Bakıya gəlməlidir. Evə gəldim, anam dedi necə oxudun. Dedim heç bilmirəm, deyəsən, yaxşı oxumadım, amma əl caldılar mənə, ağlayan kukla da verdilər. O vaxtlar ağlayan kuklanı hər adam ala bilməzdi, almağa pulu olanda da tapa bilməzdi. Anam da dedi ki, əgər yaxşı oxumasaydın, əl çalmazdılar, bahalı kukla verməzdilər, deməli, yaxşı oxumusan. Heydər Əliyevin göstərişi ilə müsabiqə elan olundu. Çətin seçim oldu, uşaq həddən artıq çox idi. Birinci il müsabiqədə 10 min uşaqdan cəmi 9 uşaq qalib oldu. Baxın, seçim necə də düzgün idi. Uzaqgörənlik, işdən başı çıxmaq budur. Könül Xasıyeva, Elçin Cəlilov, Zakir Əliyev, Nuriyyə Hüseynova, Könül Kərimova, Gülüstan Əliyeva, mən və iki oğlan seçildik. Həmin iki oğlan sonra sənətdən uzaqlaşdılar.

- Bayaqkı suala qayıdaq. Sizi 12 yaşında necə oldu təkbaşına Bakıya qoydular?

- Məni Heydər Əliyev gecə ilə gətizdirdi Gəncədən. Evdən qoymamaq nədir? O, "Bu qız xalqın övladıdır" deyib göstəriş verdi, gecə gəldim Bakıya. Mən o kişinin qohumu, yaxını deyiləm. Amma onun diqqət və qayğısının bəhrəsiyəm. Adama dəyər vermək deyilsə, nədir bu? Mən bunu demişəm, deyəcəyəm də - məni Aybəniz Haşımova kimi tanıdan şəxsiyyət məhz Heydər Əliyev olub. O, həmişə deyirdi mən çəkən yolla getsən, xalq səni sevəcək, o yoldan çıxdınsa, heç nə olmayacaq. Mən də onun məsləhətinə baş əydim deyə bu gün bu zirvəyə ucaldım. Şükür olsun.

- Bəs bacınız Şahnaz Haşımovanın sizin tanınmağınızda nə rolu olub?

- O, mənim ən böyük dayağım, dostum idi.

Həm də mənim qarşımda çox gözəl nümunə idi. Bacım Şahnaz mənə sənətin hər incəliyini başa salırdı. Onu həmişə özümə müəllim bilmişəm. Demişəm ki, bacım kimi ailəm olmalıdır, bacım kimi sadiq qadın olmalıyam, bacım kimi ana olmalıyam, yaxşı sənətkar olmalıyam. Örnəyim gözəl olduğu üçün oldum da. Xalqımın sevgisini, hörmətini qazandım. Şahnazın məsləhətləri məni yalnış yollara getməyə qoymadı. Yaxşı tələbə olmuşam həmişə.

- Şahnaz xanım sizdən razıdır?

- Bəli. İndi deyir ki, kaş o vaxt səni incitməzdim. İndi deyir yaxşı ki, gəldin bu səhnəyə. Heydər Əliyevə hər zaman rəhmət oxuyur. Həmişə deyir sən Heydər Əliyevin tapıntısısan. Deyir yaxşı ki, Allah mənə səhnədə sənin kimi dost verdi. O vaxtlar uşaqlara "yar" və "Allah" sözləri qadağan olunurdu mahıların içində. Biz belə böyümüşük. Buna görə mən ailə quranda da bilmirdim ailə nədir, uşaq nədir. Yoxsa indikilər kimi?! İndi dəhşətdir. O vaxt utancaq idim, bir kişi söz desəydi, qıpqırmızı olardım. Heydər Əliyev və anam-atam mənə necə dərs verdisə, mən də qızımı elə böyütdüm. Mən belə çətin dövrdə qızımı ağıllı, tərbiyəli böyütdüm. Tərbiyəçilərimə minnətdaram. O vaxt indiki kimi deyildi ki, "pul verim, məni reklam elətdir". Mən gör kimlərdən dərs almışam, kimlərin qarşısında oxumuşam. İndiki müğənnilər not bilmir. Musiqi təhsili olmayan necə məşhur ola bilər? Səhv oxuyan müğənni səhv maşın sürən sürücü kimidir.

- Müğənniliklə bir aya 100-200 minlik maşın, ev almaq olarmı?

- Sənətlə tez məşhur olmaq olar. Amma çoxlu pul qazanmaq mümkün deyil. O pullar başqa yerdən axır. Əgər sizə maraqlıdırsa, mənbəyini özünüz tapın. Mənə maraqlı deyil heç kim. Əsl sənətkar odur ki, bir toyda oxuyar, bir biznesmen ona 100 min verər. Amma bu da hər gün olmaz ki... Hər adamda da olmaz. İnanmıram ki, indikilərə kimsə çıxarıb 100 min versin. Tək özüm deyiləm axı. Mən necə milyonçu ola bilərəm? Bir mahnı hədiyyə olarsa, aranjemana 2 min manat pul lazımdır. Bu xərclərlə necə varlı olmaq olar?

- Aybəniz xanım, bütün müğənnilər istəyir ki, övladları onların davamçısı olmasın. Amma siz əksinə. Əgər özünüz müğənni olmasaydınız, qoyardınızmı qızınız müğənni olsun?

- Onu yalan deyə bilmərəm. Amma istəyərəm ki, qızım müğənni olsun. Başqa sahəni də seçsə, dəstək və arxa duracaqdım. İndi lap yaxşı oldu. Müəllimi də özüm oldum. Amma Aynişanı qarşıma qoyub nəsə öyrətmədim. Atama lənət yalan deyirəmsə. O nə öyrəndisə, o biri tələbələrimə öyrədəndə öyrəndi. Onun həkim olmasını istəyirdim. Amma Aynişan dedi, ana, məni hara göndərsən, yanına musiqi qoy. Gördüm yox, bu uşaq sənəti istədi. Dedim yəqin keçici həvəsdir, oxusun, keçər. Amma Aynişan eyni zamanda gürcü müəllimindən rəqsi öyrəndi. Aynişanın tutduğu mövqe daha çətindir əslində. Gecə saat 4-5-ə kimi rəqslə məşğul olur. Qızım siyasi yöndə də özünü göstərir. Şəhid qızı olduğu üçün mərddir. İçində intiqam, qisas hissi var deyə yaşıdlarına baxanda daha ağıllı addım atır.

- Qızınız "Eurovision" yarışmasında niyə qalmaqal yaşadı?

- Tək mənim Aynişanım səhnəyə çıxanda texniki problem yaşandı. Mənim uşağımı gözləyirmiş elə bu texniki problem. Təkcə Aynişana qarşı oldu bu şeylər. Çox xətrimə dəydi. Amma ölkəmiz birincilik qazandı, ona sevindim. Unutdum o incikliyi də. Boş oturmaq istəmirəm, nə qədər ömrüm var, işləmək istəyirəm vətənim üçün. Bir şey deyim. Bu yaxınlarda Ramazan töhfəsi olaraq Türkiyədə iqdırlılara təmənnasız konsert verdim. İzmirlilər eşidib paxıllıq eləyiblər ki, biz də istəyirik. Sağ olsun Qənirə Paşayeva, bilet, otel xərclərini öz öhdəsinə götürdü. Bu da Azərbaycan üçündür. Siz baxsanız, müsabiqələrdə ayağım şiş ola-ola necə "Azərbaycan" deyib öndə qışqıra-qışqıra gedirəm. Baxmayaraq səhhətim yaxşı deyil. Ayaqlarımdan əməliyyat olunmalıyam. Amma istəmirəm işlərimi yarımçıq qoyub əməliyyata girim. Qızımın evinin açarını verib sonra getmək istəyirəm əməliyyata.

- Qızınıza ev tikdirirsiniz?

- Hə.

- Aybəniz xanım, sizcə, qulağı sırğalı və saçı rəngli kişilərlə hara gedirik?

- Vətən onlara arxalanmır ki... Vətən Mübariz İbrahimov, həyat yoldaşım Xalid Quliyev kimi qəhrəmanlarımıza arxalanır. Bu gün də elə oğullarımız az deyil ki, vətən sırğalı, saçı boyalı kişilərin umuduna qalsın.

- Müharibə olsa...

- Bu dəqiqə gözümü qırpmadan öndə gedərəm. 24 yaşımdan dul qalmışam, bir qız balasını böyütmüşəm. Məni tək qoyanlardan qisasımı almalıyam. Öz arzum-istəyim var ürəyimdə. Mənim ermənilərdə öz qisasım qalıb...

- Toya gedirsiniz? Konkret qiymət oxuyursunuzmu?

- Pulu öncədən danışırıq təbii ki. Amma səviyyəmizi qorumaq şərtilə.

- Toyda döyülmüsünüz, ya hansısa xoşagəlməz halla üzləşmisinizmi heç?

- Qızım, müğənni toyda göz üstündə saxlanar. Hörmətlə qarşılanıb hörmətlə yola salınar, alqışlanar. Toyda arvadını kənarda qoyub mənimlə şəkil çəkdirən kişilərə təpinirəm, onlara sərt sözlər deyirəm. Deyirəm get arvadını da gətir, sonra şəkil çəkdirək. Bunu elə-belə belə eləmirəm. Arvadından xəbəri olmayan kişilər gəlib mənimlə şəkil çəkdirir, sonra da gedib orada-burada ağızlarına gələni danışırlar.

- Mikrofon davası edən müğənnilərə münasibətiniz necədir? Yaşlılar gənclərlə niyə qırğındadır?

- Elə verilişləri görəndə oturub hirsimdən ağlayıram. İstərdim ki, səviyyəli müğənnilər o verilişlərə getməsinlər. Sənət yoldaşlarımı bir-birinə düşmən etmək məqsədi daşıyan xüsusi verilişlər var. Adlı-sanlı adamları bu hala gətirib xalqın gözündən salmaq olmaz, ayıbdır bu. Emosional insan olsam da məni hər adam özümdən çıxara bilməz. Səviyyəmi qoruyuram. Belə hadisələrdə özümü cilovlayıram.

- Kitab oxuyursunuz heç?

- Hə, mütaliəni çox sevirəm. Vaxtım olduqca göz gəzdirirəm. Gözlərim zəifləyib. Eynək taxıram artıq. Özüm də şer yazıram. Xəbəriniz var bundan? Şer yazmaq olmasaydı, sinəmdəki bu dərddən bəlkə də ölərdim.

- 24 yaşında yarsız qalmaq sizə nələri yaşatdı, nələri anlatdı?

- Yarsız qalmaq yarımçıq qalmaq deməkdir. Hər şeyin olsa da sən bütöv deyilsən. Bu kimsəsizliyi həmişə hiss edirəm. Onun yoxluğu məni həmişə yandırır. Qadının təkbaşına bala böyütməsi çox çətindir. Amma mən çox güclü qadınam.

- Bəs sizi yaşadan, ilham verən nədir?

- Sevgi. Mən insanları çox sevirəm.

- İnsanlara çox inanırsınız?

- Daha heç kimə inanmıram. Əvvəllər həm çox sevirdim, həm çox inanırdım. Amma indi yox, sadəcə insanlara sevgi münasibəti bəsləyirəm. Daha inanmıram. Yazığım gələ bilər, onda da aldanaram.

- Dostunuz çoxdur, yoxsa düşməniniz?

- Mənim düşmənim bir dənədir. O da hamımızın düşməni olan nankor ermənilərdir. İnsan öz millətindən olana düşmən deməz. Günahdır.

- Nənə adından qorxmursunuz ki?

- Yox. O günü səbirsizliklə gözləyirəm. Qızım hələ balacadır. Vaxtı gəlsin, inşallah. Niyə qorxuram ki bu şərəfli addan? Həmişə Aynişana deyirəm ki, istəyərdim övladım çox olsun. Amma Allah istədiyi kimi oldu. Şükür buna da. Qızıma deyirəm sənin övladların çox olar inşallah.

- Aynişanı qohuma, yoxsa yada verməyi düşünürsünüz?

- Qisməti nə olsa. Özünə buraxmışam bunu. Aynişan atasına oxşayıb. Çox ağıllı idi rəhmətlik. Torpağı sanı yaşasın, Aynişan eynən atasıdır. O, Qarabağ savaşına gedəndə dedim getmə, axı cavan gəlinəm, tək qoyub hara gedirsən, övaldımız var. Dedim bəs mən bu uşağı necə saxlayacam. Qayıdıb dedi mən yaxşı bilirəm ki, mənim uşağımı on atalı uşaqdan yaxşı saxlayacaqsan. Mənə dedi yaxşı bilirəm ki, balamı kimin yanında qoyub gedirəm (Aybəniz xanım bunu deyib ağlayır-müəl.). O, düz dedi. Mən onun yadigarını çox yaxşı saxladım. Amma özümü məhv elədi gedişi ilə. Özümü aldada-aldada günləri yola verirəm. Birdən görürəm yox, elə dolmuşam, partlamaq istəyirəm. O anda üzümü görməyin. Çox çətindir. İnanın, yaşadıqlarımı heç bir qadına, anaya, gəlinə arzu eləmirəm.

- Siz ikinci dəfə ailə quranda ilk həyat yoldaşınızın kəbinini təzələməyə icazə verməmisiniz. Sadəcə rəsmi nikahla ailə qurmusunuz. Kəbin kağızına düşkünlüyünüz nədəndir?

- Mən o kəbini heç vaxt pozmaram. Məhz o kəbin göylə bağlanır. Onu heç kimə və heç nəyə dəyişmərəm. Vəsiyyət eləmişəm ki, öləndə məni o kəbin kağızı ilə, o kəbinlə basdırsınlar. O insan mənim üçün hər an var, yaşayır. Mən bu neçə ildə ancaq "o, harasa gedib, bir gün qovuşacağıq" ümidi ilə yaşadım. Əvəz olunmayan, dəyişilməyən insanlar var.

- Siz bu gün qaynananızla, mərhum ərinizin anası ilə ana-bala kimisiniz. Necə qoruyursunuz bu münasibəti?

- O, mənim böyüyümdür. Başqa necə olmalıdır? O, məni söysə də, döysə də ağbirçəyimdir. Qızımın adı da nənəsinin adıdır. Özüm qoymuşam. Hələ xəstəxanadan çıxmamışdım. Xalid yanıma gəlmişdi. Rəhmətliyə dedim get mamaya de qızımıza onun adını qoymaq istəyirəm, icazə verərmi. Xalid də gedib demişdi. Elə sevinmişdi ki, yazıq arvad. Heç doyunca sevinə bilmədi. İndi danışmaq, o xoşbəxt anları xatırlamaq məni incidir. Nə yaxşı ki, Aynişan var. Hər iki Aynişan...

- Qaynanızla tez-tez görüşürsünüz?

- Sizə bir söz deyim. Xalidin ili çıxandan sonra qaynanam mənə dedi ki, öz qızım da olmayıb, gəl səni öz qızım kimi evimdən gəlin köçürüm. Dedim gərək onda mən mən olmayım. Məni çox istəyir, mən də onu. Tez-tez zəngləşirik. Elə dünən zəng etmişəm, kefini soruşmuşam ki, mama, necəsən. Yaxınlarda ad günü olacaq. Deyir bala, mənim əhdim var, Aynişanın toyunda oynayacam. O günə qədər heç bir məclisdə olmaq istəmirəm. Ad günümə də istəmirəm kimsə gəlsin. Çıxıb rayona, qudalarının yanına gedib. Ərim şəhid olanda 24 yaşım var idi. Heç bilmədim gəlinəm, qızam, yoxsa kişi. Nələrə dözmədim bu yerlərə gələnə kimi?! Başım nə müsibətlər görmədi?! Mənim anam olardı o ananın yerində. Heç istəyərdimi gəlini anama pis olsun? Həm də mən qız böyüdürəm. O nə ana olar sonra? Nənəsini saymasam, nəvələrim də səhər məni saymayacaq. Bu dünyada heç bir pislik də, yaxşılıq da əvəzsiz qalmır.

- Əxlaqsız insanlardan yaxa qurtarmaq üçün yalançı evliliyə məcbur olmuşdunuz, yoxsa başqa səbəb vardı?

- Yadıma düşəndə dəli oluram e. Xalidin yeddisi günü idi. Gecə onun köynəklərini, şalvarlarını yerə töküb hönkür-hönkür ağlayırdım. Az qalırdı ürəyim dayansın. Bu vaxt kimsə bir əclaf, nankor zəng edib məni qorxutdu. Bayaqdan dərddən gözümə yuxu getmirdisə, indi də qorxudan sıxılmışdım bir küncə. Bax, mənim ağır tənhalıq həyatım belə başladı. Onda sonra da belə davam etdi. Qabağa getdim, dedilər bicdir, dala getdim, dedilər gicdir. Məcbur qaldım adıma ad çıxarım ki, guya ərə getmişəm. Başımın sakit olmasını istəyirdim. Telefonuma mesajlar gəlirdi. Biri yazırdı sevirəm, o biri yazırdı ölürəm. Hərdən əsəb məni boğur, deyirəm ay Xalid, məni, qızını belə yaramaz insanlara etibar edib getdinmi. Bunlara görəmi cavan ömrünü məhv elədin? Ay namussuzlar, ay məni incidən insanlar, mən və qızım sizə bir şəhidin yadigarıyıq. İnsan əmanətə əl uzadıb xəyanət etməz. Canımın dərdindən yalandan ərə getdim. O da alınmadı. Səhv yozuldu. Ər adamın yanında olar axı. Mənə dil uzadanların dilini kəsmək üçün belə yalan hekayə quraşdırmışdım. Demə, burada da səhv eləmişəm. Hamı deyir evlənmisənsə, ərin hanı. İndi nə deyim, deyim boşanmışam? Axı mənə yaraşmaz. Gündə bir yalanla hara gedəsən? Baş-qulağımın dincliyi üçün gör nələrə əl atdım də. Özüm də bilmədən bəzi vicdansızların üzündən belə bəlalı yollara girdim. Öz millətimdir, necə söyüm, qarğış edim? Olmur axı. Məcbur edirlər ki, pislik elə. Olmaz belə. Bu nə fikirdir cəmiyyətdə ki, tək qalan qadınlar ərə getməlidir? Niyə adına min söz çıxmalıdır? Adam var ki, əri yanında ola-ola min qələtə qol qoyur. İndi mən girmişəm gözlərinə. Belə eləmək olmaz. Tənha qadınların adına niyə söz çıxartmalıdırlar? Allahdan qorxmurlarmı? Vallah, zülmə qalmışam. Mən mahnı oxuyanda, səhnədə Aybəniz Haşımovayam, həyatda adi adam. Mən məşhuramsa, taksidə gedə bilmərəm? Tənha qadın lazım gəlsə, lap avtobusda da, arabada da gedə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9222   Tarix: 28 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999