Türkiyədə azərbaycanlı məzunlara böyük ziyafət verilib (Fotolar)
400-ə yaxın azərbaycanlı tələbə qardaş ölkədə təhsilini başa vurub
Türkiyənin ali təhsil ocaqlarında təhsilini 2013-cü ildə müvəffəqiyyətlə başa vurmuş 400-ə yaxın tələbələrimiz üçün Azərbaycanın Türkiyədəki Səfirliyi, ARDNŞ, Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyi (AZEDER) və "Palmali" Şirkətlər Qrupunun dəstəyi ilə böyük məzun tədbiri təşkil edilib.
Tədbirdə Türkiyənin müxtəlif şəhərlərindən Ankaraya toplanan məzunlarımız ilk olaraq Heydər Əliyevin adını daşıyan parkı ziyarət ediblər, onun və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının himnini səsləndirilib, daha sonra məzunlar Vətənə xidmət andı içiblər.
Tədbirin ikinci hissəsi Azərbaycanın Türkiyədəki Səfirliyində davam edib. Tədbirdə Türkiyə Ali Təhsil Şurasının sədri (YÖK) Gökhan Çetinsaya, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serdar Çam, TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş, ARDNŞ-ın vitze-prezidenti Samir Kərimli, TR təhsil nazirinin müavini Zübeyir Yılmaz, Ankaranın Etimesqut rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, çox sayda rektorlar, millət vəkilləri, elm adamları, ictimai xadimlər, diaspor nümayəndələrimiz, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Tədbir zamanı, YÖK-ün sədri Gökhan Çetinsaya, TİKA-nın sədri Serdar Çam, AZEDER-in sədri Rəşad Abdullayev, TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş, ARDNŞ-ın vitze-prezidenti Samir Kərimli, TR təhsil nazirinin müavini Zübeyir Yılmaz, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sədr müavini Mesut Kurnaz, Səfirliyimizin təhsil müşaviri Nəcibə Nəsibova, Ankaranın Etimesqut rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, millət vəkili Sinan Oğan, Giresun Universitetinin rektoru həmvətənimiz Aygün Attar və Səfirliyimizin müşaviri Dursun Həsənov çıxış edərək, tədbirin əhəmiyyəti, iki qardaş ölkə əlaqələrində gənclərin və xüsusilə də iki ölkədə təhsil almış savadlı kadrların önəmindən geniş və əsaslı bir şəkildə bəhs ediblər.
Səfirliyimizin təhsil müşaviri Nəcibə Nəsibovanın çıxışı zamanı, yeni məzunlarımıza örnək göstərilməsi məqsədilə vaxtilə Türkiyə universitetlərində təhsil almış və qısa zamanda işlədikləri müxtəlif sahələrdə böyük müvəffəqiyyətlərə imza atmış 3 nümunəvi insan-Mərkəzi Klinika Xəstəxanasının Baş həkimi Kamran Musayev, Santex şirkətinin prezidenti Samir Cəfərov, turizm şirkətinin prezidenti Mahir Əhmədov tədbir iştirakçılarına təqdim olunub.
Daha sonra universiteti fərqlənmə ilə bitirən məzunlarımıza hədiyyələr təqdim olunub. Sonda həmyerlimiz Cavid Təbrizlinin ifa etdiyi gözəl Azərbaycan xalq mahnıları sədaları altında qonaqlara ziyafət verilib.
Tədbirin üçüncü hissəsi məzunlarımızın Mustafa Kamal Atatürkün movzoleyini ziyarət etməsi ilə başlayıb, təhsil müşaviri Nəcibə Nəsibovanın rəhbərliyində Böyük Atatürkün məzarına əklil qoyulub və xatirə dəftərinə ürək sözləri yazılıb.
Məzunlarımız Ankaranın Keçiören rayonunda inşa halında olan Azərbaycan Meydanı və Xocalı Soyqırımı Abidəsinə yola düşüblər.
Məzunlarımız tədbirin son hissəsini "Kent Otel" mehmanxanasında ziyafət və şənliklə qeyd ediblər. Burada da bütün tələbələrimizə hədiyyələr təqdim olunub və Azərbaycana xas şən musiqi sədaları altında gözəl anlar yaşanıb.
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş