Bu gün Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anim günüdür

Bu gün ,Aprelin 28 görkəmli alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olduğu gündür.
Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Azərbaycan səhiyyəsinin və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Onun uşaqlıq çağlarının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür.

Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyli, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirmişdir.

Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində böyük xidmətlər göstərmişdir.
Alimin elmi fəaliyyətinin istiqamətlərindən birini gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi məsələsi təşkil etmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomic-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir.

Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, həmin sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən birini də peşə oftalmologiyası təşkil etmişdir.

Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlamışdır. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi tədqiqat işləri aparmışdır. Alimin bu sahədəki tədqiqatlarının nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" adlı qiymətli monoqrafiyalarında əksini tapmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında geniş şərh etmişdir. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı şəkildə əks olunmuşdur.

Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir.

Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır.
Zərifə xanım yaxşı ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə vurğun insan idi. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. O, ulu öndərimizə mənəvi dayaq, arxa olmuşdur. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır.

Azərbaycan və dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında qiymətli fikirlər söyləmişlər.
Professor Q.Nəsrullayeva “Zərifə xanım Əliyeva mənim üçün yüksək mədəniyyət, ziyalılıq, düzlük, öz işinə sadiqlik, bütün bilik və bacarığını xalqına xidmət işinə yönəldən böyük bir İnsan obrazıdır” demişdir.
Professor A.Nəcəfov Zərifə Əziz qızının həyatının xalqa və insana xidmətin parlaq nümunə olduğunu bildirmişdir: “Ölməzlik özündən sonra xoş xatirə qoyub getmək bacarığıdır. İnsan ümumbəşəri dəyərlərin tükənməz xəzinəsinə verdiyi töhfə ilə, sülhün, xeyirxahlığın, gözəlliyin və etibarın təntənəsinə qəti inamı ilə ölməzliyə qovuşur”.

Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə etmişdir: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü. Bir qadın kimi də Zərifə Əziz qızı haqqında bir neçə kəlmə deməyə bilmərəm. Təbiət ona qeyri-adi qadın cazibədarlığı bəxş etmişdi. Zərifə Əziz qızının bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunurdu. Mən onu heç zaman əsəbi, qəzəbli görməmişəm. O, həmişə gülərüz, xeyirxah idi”.

Görkəmli oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı” adlandırmışdır. Professor V.Şmelyeva demişdir: “Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”.

Zərifə xanım Əliyevanın əziz xatirəsi saf və təmiz hisslər, nəcib duyğularla zəngindir. O, elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.

Ömür vəfa qılsaydı Zərifə xanım Əliyeva hələ daha çox işlər görə bilərdi. Həyatının sonuncu anına kimi o, yüksək arzularla, gələcək planlarla yaşayırdı.Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Yüksək intellektə, geniş erudisiyaya, zəngin mədəniyyətə, dərin biliyə malik həkim, pedaqoq alim, gözəl insan akademik Zərifə xanım Əliyevanın əsərləri bu gün də çox aktualdır. Görkəmli alimin ideyaları, elmi nailiyyətləri nəinki Azərbaycana, eləcə də dünya tibb elminin inkişafına öz töhfələrini verməkdədir. Zərifə xanım Əliyevanın yüksək səviyyəli elmi-təcrübi irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Böyük elm fədaisi, insanların təkcə gözlərinə yox, həm də, şüuruna, taleyinə işıq seli axıdan insan - akademik Zərifə xanım Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Bu gün Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anim günüdür
Bu gün Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anim günüdür
Bu gün Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anim günüdür
Bu gün Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anim günüdür
Bu gün Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anim günüdür
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 8046 Tarix: 28.04.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
zindan
zindan 24.03.2016
Allah rehmet elesin
tatlimmm
tatlimmm 29.04.2014
ALLAH REHMET elesin
Azadliga tek bir rakusdan baxmaqla qazanmaq olmaz baxiw acilarini geniwlendirerek o azadliga qovuwmaq lazimdir

 
davinci
davinci 28.04.2014
yeri cennet olsun insallahhh


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər